“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel 2025

4SİM və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” layihəsi çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb. İstifadəçilər “Coursera” onlayn təhsil platformasında 31 290 təlimə müraciət ediblər, 6 599 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikat əldə ediblər.

 

Vətəndaşlar daha çox “DeepLearning.AI” şirkətinin “AI for everyone” (512 nəfər istifadəçi), “Google” şirkətinin “Foundations of Project Management” (364 nəfər) və IBM şirkətinin “Introduction to Artificial Intelligence” təlimlərinə (325 nəfər) maraq göstərib.

 

Qeyd edək ki, proqram çərçivəsində ödənişsiz təlimlərdən yararlanmaq istəyənlər üçün qeydiyyat davam edir. form.4sim.gov.az  saytına daxil olaraq qeydiyyatdan keçənlər “Coursera” platformasında 8000 kursdan 6 həftə ərzində yararlanmaq imkanı əldə edirlər. 

 

Aprelin 1-dən başlayan proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

 

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya bacarıqlarına dair təlimlər “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Layihə çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

 

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

DİGƏR XƏBƏRLƏR

İİTKM DIF-in "Strateji Zəka" platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumudur

XƏBƏRƏ BAXIN

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb