“PAŞA Holding”in təşkilatçılığı ilə təşkil olunan iki gün davam edəcək sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələrinə toxunulur.
“INMerge” Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir. Sammit 5,000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.
Bu ilki proqram fintex və məsuliyyətli bankçılıqdan tutmuş data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən səkkiz əsas istiqaməti əhatə edir. Bu gün ərzində “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi tanınmış qlobal fikir liderləri biznes və texnologiyanın gələcəyini formalaşdıran fikirlərini bölüşüblər.
Açılış mərasimində dövlət rəsmilərindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, və “PAŞA Holding”in innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva çıxış eidblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açması, insan kapitalının bilik və bacarıqlarını artırması ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Sammitin innovativ ideyaları real imkanlarla birləşdirən unikal platformaya çevrildiyini vurğulayıb. Nazir Azərbaycanda həyata keçirilən uğurlu islahatlar nəticəsində əldə olunan uğurları qeyd edib. Bildirilib ki, məhz bu istiqamətdə atılan addımlar nəticəsində son 20 ildə ölkəyə 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge” Sammitini "Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu" adlandıraraq, tədbirin regional əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, son beş ildə “INMerge” kiçik bir korporativ tədbirdən bölgənin müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən böyük tədbirə çevrilib.
Tədbirin açılış günü, innovasiya sammitinin əsas tərəfdaşı olan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2 panel və 3 ekspert çıxışından ibarət “Sənaye 4.0” vertikalı keçirilib. Yerli və beynəlxalq ekspertlər sənaye 4.0 transformasiyasında insan kapitalının inkişafı və innovasiyaların sənayedə tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
4SİM və Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.











