29-30 sentyabr 2025-ci il tarixlərində “PAŞA Holding”in təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşlığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti başa çatıb.
Sammitin ikinci günü “Netflix” şirkətinin həmtəsisçisi Mark Randolf çıxışı zamanı şirkətin ideyadan uğurlu biznesə qədər keçdiyi yol barədə danışıb. O, həmçinin startapların inkişaf prosesində nəzərə almalı olduqları əsas məqamlarla bağlı tövsiyələrini bölüşüb.
Massaçusets Texnologiya İnstitutunun professoru Hal Qregersen gələcək trendlər, liderlik və innovasiya ekosistemində müşahidə olunan dəyişikliklərə dair öz baxışlarını təqdim edib.
Bundan əlavə, gün ərzində vençur kapitalının regional vəziyyəti, marketinq və sosial medianin yerli biznes və mədəniyyətə təsiri, süni intellektin dövrün reallığına çevrilməsi, həmçinin datanın və enerji sektorunun müasir biznes trendləri ilə uzlaşmasına dair panel sessiyaları keçirilib. Sessiyalarda iştirak edən liderlər müxtəlif ölkələrdəki təcrübələrin qlobal trendlərlə uzlaşmasını, eyni zamanda yenilənən dünyanın reallıqlarına uyğun addımların atılmasının əhəmiyyətini vurğulayıblar.
4SİM-in icraçı direktoru Fariz Cəfərov SOCAR tərəfindən təşkil olunan InTalks sessiyasında “Enerji sektorunda innovasiya: məqsəd, yanaşma, ekosistem əməkdaşlığı” panelində spiker qismində çıxış edərək insan kapitalının inkişafı və “Sənaye 4.0 Hazırlıq” Proqramı ilə bağlı görülən işlər barədə məlumat verib. İnvestisiya mövzusunda təşkil olunmuş vertikalda isə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Vençur kapitalın iqtisadiyyatın lokomotivi kimi rolu” panel sessiyasında spiker qismində çıxış edib.
Gün ərzində 4SİM tərəfindən “Sənaye 4.0 Hazırlıq” Proqramında iştirak edən yerli bizneslər və maraqlı tərəflər üçün məlumat sessiyası keçirilib. Fariz Cəfərov proqramın yerli bizneslərin səmərəliliyinin artırılması üçün yaratdığı fürsətlərdən danışıb. Sessiyada “MEXT Texnologiya Mərkəzinin icraçı direktoru Barış Arıkan və beynəlxalq ekspert Yigit Oktay texnoloji transformasiya ilə bağlı Türkiyə və beynəlxalq təcrübələr haqqında təqdimatla çıxış ediblər.
Qeyd edək ki, 5-ci dəfə keçirilən “INMerge” İnnovasiya Sammiti innovasiya, investisiya və əməkdaşlıq sahələrini əhatə edən regional əhəmiyyətli tədbirdir. Sammit Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirir ki, bu da öz növbəsində 5,000-dən çox iştirakçını, 150 spikeri, 100 startapı və 80-dən çox vençur fondunu bir araya toplayaraq əməkdaşlıq və inkişaf üçün güclü imkanlar yaradır.






