16 oktyabr tarixində Bakı Konqres Mərkəzində “Süni intellekt və data elmi üzrə II Avrasiya Forumu” baş tutub.
Forum “Codelandia” MMC, yerli akademik tərəfdaş Bakı Dövlət Universiteti, beynəlxalq akademik tərəfdaş kimi İsrailin Ben-Qurion Universitetinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "AZAL"ın əsas tərəfdaşlığı və yerli şirkətlərin dəstəyi ilə həyata keçirilib.
Açılış nitqi ilə qonaqları salamlayan “Codelandia” şirkətinin rəhbəri Günel Cənnətova tədbirin məqsədinin süni intellekt, data elmi və texnoloji innovasiyalar sahəsində region ölkələri arasında təcrübə mübadiləsini möhkəmləndirmək və elm və sənaye klasteri 4.0-ın formalaşdırılması istiqamətində əməkdaşlığı gücləndirmək olduğunu bildirib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov ölkədə süni intellekt ekosisteminin qurulması istiqamətində həyata keçirilən tədbirlər, 4SİM-in rəqəmsal iqtisadiyyat, “Sənaye 4.0 Hazırlıq” Proqramı və insan kapitalının inkişafı üzrə icra etdiyi layihələr barədə məlumat verib.
Forumun açılış mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Ben-Qurion Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq və “AZAL” prezidentinin Rəqəmsal transformasiya üzrə müşaviri Deklan Hoqan çıxış ediblər.
Forumda dünyanın data elmi sahəsində aparıcı alimləri Dyuk Universitetinin professoru, “data mining” üzrə ən çox istinad olunan tədqiqatçı professor Jian Pei, eləcə də Sinqapur Milli Universitetinin tanınmış alimi, süni intellektlə idarə olunan proqram təminatının etibarlılığı üzrə qabaqcıl araşdırmaların müəllifi professor Jin Sonq Donq iştirak ediblər.
Bununla yanaşı, forumda Yel Universiteti, Kolumbiya Universiteti (ABŞ), "Hallym" Universiteti (Cənubi Koreya) kimi nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri və tədqiqatçıları da çıxış ediblər.
Natiqlər süni intellektin iqtisadiyyat, səhiyyə, təhsil və sənaye sahələrində tətbiqi imkanları, məlumatların idarə olunması və etik aspektlər kimi aktual mövzulara toxunublar.
Forum çərçivəsində müxtəlif ölkələrdən gələn elm adamları, dövlət və özəl sektor nümayəndələri, həmçinin tələbələr üçün plenar sessiyalar, panel müzakirələr və təqdimatlar təşkil olunub.



